SİYASƏT
Qətərli bloggerlər ölkəmizin tarixi və turizm imkanları barədə məlumatlandırılıblar



Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü ilə yerli bloqqerlərlə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş qətərli bloqqerleri Azərbaycan barədə məlumtlandırmaq və sosial media vasitəsilə ölkəmizin mədəni, tarixi dəyərlərini və turizm imkanlarını tanıtmaq məqsədilə təşkil edilib.
Qətərin ən fəal və tanınmış bloqqerlərinin qatıldığı görüşdə əvvəlcə ölkəmizin hərtərəfli inkişafını və turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.
Sonra səfir Rəşad İsmayılov ölkəmizin tarixən dini və mədəni cəhətdən bağlılığı olduğu ərəb ölkələri, xüsusilə Qətər ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirən səfir son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan diplomat Qətərin beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Çay süfrəsi arxasında davam edən görüşdə bloqqerlərə ölkəmizin tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm imkanlar ilə bağlı geniş məlumat verilib. Son illər ərzində Qətərdən ölkəmizə gələn turistlərin sayındakı ciddi artımdan məmnunluq ifadə edilib.
Görüşə görə təşəkkürlərini bildirən qətərli bloqqerlər sosial şəbəkə hesabları vasitəsilə Azərbaycanın Qətərdə daha da tanıdılması işinə töhfə verməyə hazır olduqlarını deyiblər.