QEYRİ-HÖKUMƏT TƏŞKİLATI LAYİHƏNİ DAVAM ETDİRİR
Birliyin başçısı İradə Rzazadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda layihənin birinci - 3 aylıq mərhələsi həyata keçirilir. Bu mərhələnin əsasını icmaların infrastrukturunun inkişafı, qaçqınların və məcburi köçünlərin həm paytaxtda, həm də bölgələrdə əhaliyə inteqrasiyası təşkil edir.
Bakıda təlim-istehsal mərkəzi yaradılmışdır ki, buraya da problemləri olan qadınlar gəlirlər. Onlar mərkəzdə məişətdə vacib olan vərdişlərə yiyələnirlər. Təlim-istehsalat mərkəzi mütəmadi surətdə öz yetirmələrinin hazırladıqları məmulatdan ibarət sərgilər keçirir. Almaniyanın Azərbaycandakı səfirliyinin köməyi ilə Bərdə icmasına tikiş məmulatı istehsalı üçün avadanlıq gətirilmişdir.
QHT-nin fəaliyyətinin ikinci mühüm istiqaməti icmalararsı əlaqələri, habelə öz problemlərini həll etmələri üçün şəhər və rayon miqyaslı dövlət müəssisləri, yerli özünüidarə orqanları, kommersiya qurumları ilə əlaqələri nizama salmaq məsələsidir. Nəhayət, üçüncü istiqamət təhsillə bağlıdır ki, bu da ən vacib problemləri müəyyənləşdirib, onu aradan qaldırmaq üçün müstəqil proqram layihəsi hazırlamaqdan ibarətdir.