QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB-2 VİDEO
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq işləri ilə tanışlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən qeyri-hökumət təşkilatları (QHT), media nümayəndələri və blogerlərin tədbir məkanına - Bakı Olimpiya Stadionuna səfəri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, QHT, yerli və xarici media nümayəndələri, eləcə də blogerlərin iştirak etdiyi tur zamanı WUF13-ə hazırlıq çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat təqdim olunub.
Tanışlıq turunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, eləcə də yerli və xarici media qurumlarının və QHT-lərin rəhbərləri iştirak ediblər.
Əvvəlcə akkreditasiya mərkəzi ilə tanışlıq olub.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov bildirib ki, Bakı Olimpiya Stadionu və ətrafını əhatə edən tədbirin ümumi əməliyyat sahəsi 53 hektardır. Onun sözlərinə görə, bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə nəqliyyat terminalı və parklanma-transfer zonası üçün ayrılıb. Belə ki, stadion zonalara bölünüb. A Zonası 5 küçədən ibarətdir, hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib. Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.
Bildirilib ki, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6 min nəfərə qədər iştirakçını qəbul edə biləcək. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var.
Məlumat verilib ki, forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiyanın, görüş və tədbirin keçirilməsi planlaşdırılır.
Qeyd edilib ki, tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.
Xüsusilə vurğulanıb ki, WUF13-ün təşkili zamanı dayanıqlılıq, inklüzivlik və əlçatanlığın təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Tədbir məkanının hər kəs üçün əlçatan olması məqsədilə bütün proseslərdə müvafiq standart və tələblər nəzərə alınıb.
Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir. Həmçinin iki hektar sahəni əhatə edən zonada “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur.
“Media Mərkəzi”nin ümumi tutumu 600 nəfərdir.
Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək məqsədilə əsas və ehtiyat məlumat mərkəzləri qurulub, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu yaradılıb. Bununla yanaşı, simsiz şəbəkə avadanlıqları quraşdırılıb və fasiləsiz fəaliyyət göstərəcək əməliyyat mərkəzi formalaşdırılıb.
Turda QHT və media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, WUF13 mayın 17-22-də keçiriləcək.