SİYASƏT
QİÇS XƏSTƏLİYİNƏ YOLUXANLARIN 60 FAİZİ NARKOMANLARDIR
AZƏRTAC xəbər verir ki, 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi ilə birgə “Kraun” hotelində “Narkotik vasitələrin istifadəçiləri arasında Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) xəstəliyinin qarşısının alınması”mövzusunda konfrans keçirmişdir.
Bu mövzunun cəmiyyətimiz üçün çox vacib və əhəmiyyətli olduğunu deyən işçi qrupunun rəhbəri Araz Əliquliyev bildirmişdir ki, 2007-ci ildə 1.320 nəfər Azərbaycan vətəndaşı immun çatışmazlığı virusuna yoluxmuşdur. Onlardan 60 faizi narkotik maddələrdən damardaxili istifadə edənlərdir.
Konfransın əhəmiyyətindən danışan Araz Əliquliyev demişdir ki, məqsəd İİV/QİÇS-in qarşısının alınması üzrə təbliğat aparmaqdır. 2007-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqram (2007-2012-ci illər)” qəbul edilmiş və sənəddə dövlət qurumları, ictimai təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Milli Məclisin deputatı Musa Quliyev vurğulamışdır ki, konfrans aktual, bütün bəşəriyyəti narahat edən bir məsələyə, immun çatışmazlığı virusunun yaydığı xəstəlik və narkomaniya probleminə həsr olunmuşdur. Bütün bəşəriyyəti narahat edən problem şübhəsiz ki, Azərbaycan cəmiyyətini, hökumətini, vətəndaşlarını da narahat edir.
Musa Quliyev dövlət tərəfindən narkomaniyaya qarşı mübarizə, immun çatışmazlığı virusunun aradan qaldırılması üçün daim tədbirlər görülür. Belə ki, bir neçə dövlət proqramı, qanunvericilik aktları qəbul olunmuşdur. Bu aktlara vaxtaşırı əlavələr və dəyişikliklər edilir, monitorinqlər aparılır.
Son illər qeyri-hökumət təşkilatlarının da bu sahəyə diqqət və marağının artdığını deyən Milli Məclisin deputatı həm narkomaniyanın, həm də immun çatışmazlığı virusunun profilaktikasının, onların qarşısının alınmasının, törətdiyi fəsadların, yayılma yollarının öyrənilməsinin və aradan qaldırılmasının çox aktual məsələlər olduğunu söyləmişdir.
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev bildirmişdir ki, narkomaniyaya, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları fədakarlıq nümayiş etdirirlər. Natiq bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məsələsi Azərbaycan hökumətinin daimi nəzarəti altındadır və bu sahədə inzibati-hüquqi tədbirlərlə yanaşı, cəmiyyətdə sağlam sosial bünövrənin möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Daxili İşlər, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, immun çatışmazlığı virusuna qarşı mübarizə tədbirlərindən söz açmış, təmsil etdikləri qurumların bu sahədə gördüyü işlərdən danışmışlar.