Qida Təhlükəsizliyi Agentliyinin sədri Lənkəranda sakinlərlə görüşüb
Bakı, 4 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında rayon sakinləri ilə görüşüb.
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma, qida təhlükəsizliyi sahəsində həyata keçiriləcək islahatlar və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Agentliyin sədri Q.Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Sədr vətəndaşlarla görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.