Qırğızıstanda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçiriləcəkdir
Bakı, 10 yanvar (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) və “Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi yanvarın 18-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı birgə tədbir keçirəcəklər.
TDSDF-dən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, tədbirdə iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələrinin Bakıya hücum etməsi, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutması barədə məlumat veriləcək, bu təcavüz nəticəsində aralarında 6 qadın və 9 uşaq olmaqla, 170 nəfərin həlak olması, yüzlərlə insanın yaralanması və itkin düşməsi bir daha xatırlanacaqdır.
Azərbaycanın dinc əhalisinə qarşı törədilən bu təcavüz sovetlər ölkəsinin öz vətəndaşlarına qarşı törətdiyi növbəti qırğın idi. Bundan əvvəl 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, daha sonra Litvada qeyri-insani aksiyalar həyata keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli bir səhifə kimi qalmaqla bərabər, həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan vermişdir. Qara Yanvar günlərindən iyirmi üç il keçməsinə baxmayaraq, hər il yüz minlərlə azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarətə gəlir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edirlər. Eyni zamanda, dünyanın digər ölkələrində yaşayan soydaşlarımız da anma mərasiminə qoşulurlar.
Tədbirin sonunda iştirakçılara akademik Ramiz Mehdiyevin TDSDF tərəfindən Bişkekdə qırğız və rus dillərində nəşr olunmuş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” kitabı paylanacaqdır.
Azərbaycanın Qırğızıstandakı səfirliyi, Qırğız Türk Manas Universiteti və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu fevralın 26-da Xocalı soyqırımı ilə bağlı birgə tədbirin də keçirilməsini planlaşdırmışlar. Həmin tədbirdə Vahid Mustafayevin “Xoca” filminin təqdimatı da nəzərdə tutulur.