İQTİSADİYYAT
Qırğızıstanın beş televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
Bakı, 6 dekabr, AZƏRTAC
Qırğızıstanın beş televiziya kanalı - “New TV ( HD )”, “ON1 TV”, “Kanal 7 TV”, “TNT Aziya TV” və “RTV” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildirilib ki, ASC ilə kanallar arasında imzalanan müqaviləyə əsasən, sözügedən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş etdirilir. Televiziya kanalları 11015/H/13000 tezliyi ilə yayımlanır.
Həmçinin Türkiyənin iki televiziya ̶ “ARAS TV” və “Kanal C” kanalları “Azerspace-1” peyki üzərindən 11027/H/7500 və Gürcüstanın “IBERIA TV” kanalı 11095/H/30000 tezlikləri ilə yayıma başlayıb.
Qeyd edək ki, noyabr ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş ölkənin yeni seçilmiş prezidentinin andiçmə mərasimi “Azerspace-1” peykinin resurslarından istifadə olunmaqla Qırğızıstan Dövlət Televiziyası - KTRK TV vasitəsilə canlı yayımlanıb.