“QIRX QIZ DASTANI”NIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kitabxananın direktoru Leyla Qafurova mərasimi açaraq ağır zəhmət bahasına yazılmış kitabın işıq üzü görməsi münasibətilə müəllifi ürəkdən təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır. Kitabda toplanmış sənədli hekayələrdən və portret oçerklərdən söz açan natiq bildirmişdir ki, yazıçı təsvir etdiyi hər bir qəhrəman qadın obrazı haqqında oxucuda dolğun təsəvvür yaratmışdır.
Mərasimdə çıxış edən xalq yazıçısı Hüseyn Abbaszadə müharibə həyatından roman yazmış bir ədib kimi vurğuladı ki, “Qırx qız dastanı” Azərbaycan publisistikasında Qarabağ müharibəsi mövzusunda qəhrəman qadınlarımızdan bəhs edən ən layiqli əsərlərdəndir. Küll halında bu kitab oxucular arasında ona görə böyük maraq doğurmuşdur ki, müəllifin özü də qəhrəmanlarının gəzdiyi yerlərdə olmuş, onların haqqında səbrlə dəqiq məlumatlar toplamış, onu peşəkarlıqla təsvir edə bilmişdir.
Şair Oqtay Rza, jurnalist xanımlar-Flora Xəlilzadə, Füruzə Nadir, Bəsti Əlibəyli, Səriyyə Müslümqızı, Sevda Əlibəyli və başqaları kitabın müxtəlif məziyyətlərindən danışmış, müəllifi təbrik etmişlər.
Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova öz əsəri ilə qızının adını əbədiləşdirdiyi üçün müəllifə minnətdarlığını bildirmişdir.
Qarabağ Müharibəsi Veteran Qadınlar Təşkilatının sədri Radə Abbas Zemfira Məhərrəmliyə bu təşkilatın fəxri fərmanını və qurumun fəxri üzvlük vəsiqəsini təqdim etmişdir.
Axırda Z.Məhərrəmli tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirmişdir.