“Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə yekun vurulub
Bakı, 16 dekabr, AZƏRTAC
Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qızıl hərflərlə yazılan tarix!” respublika rəsm müsabiqəsinə yekun vurulub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onlayn platformada və 3 yaş qrupu üzrə təşkil edilən müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak ediblər.
Müsabiqəyə ümumilikdə 470 rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri seçilib. Qaliblər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.
Respublika rəsm müsabiqəsinin keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik ruhunu tərbiyə etmək, vətənə sevgi və məhəbbət hissini aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarət olub.