«QIZIL KƏLMƏ ƏDƏBİ MÜKAFATI»NA DÖRD NOMİNASİYA ÜZRƏ ƏSƏRLƏRİN QƏBULU ELAN EDİLİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə «Qızıl Kəlmə Ədəbi Mükafatı» təsis edilmişdir.
«Qızıl Kəlmə Ədəbi Mükafatı»na aşağıdakı janrlarda yaradılmış və toplu halında çap edilmiş əsərlər təqdim oluna bilər:
bədii nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi); poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri); tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri; orijinaldan bədii tərcümə əsərləri.
Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat bir şəxsə bir dəfə verilir.
Mükafat göstərilən nominasiyalar üzrə iki ildən bir hər biri 5000 (beş min) manat olmaqla may ayının 10-da təqdim edilir.
Mükafat döş nişanı, diplom və puldan ibarətdir.
Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra onları yaradıcılıq təşkilatları və əvvəllər bu mükafata layiq görülmüş şəxslər irəli sürə bilərlər.
Bir təşkilat, şəxs mükafata yalnız bir namizəd təqdim edə bilər.
Təqdimata aşağıdakı sənədlər əlavə edilməlidir: namizədin tərcümeyi-halı, anket sorğusu, fotoşəkli, nominasiya üzrə əsərləri, əgər varsa digər işlərin siyahısı, əsər barədə rəylər, nəşr edilən yazılar.
Sənədlər 2009-cu il martın 1-dək bu ünvana təqdim edilməlidir: Bakı şəh., AZ 1000, Hökumət Evi, 3-cü mərtəbə, 318-ci otaq. Tel: 493 06 80