Qızıl və gümüş bazarlarında qiymət dalğalanmaları davam edir
Bakı, 9 fevral, AZƏRTAC
Qızılın bir troya unsiyasının qiyməti yanvar ayının sonunda qeydə alınan kəskin tarixi ucuzlaşmadan sonra yenidən 5 000 dollar səviyyəsində ticarət edilir.
AZƏRTAC xəbər verir ki, son aylarda geosiyasi risklər və ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyinə dair narahatlıqlar səbəbindən bahalaşan qızılın unsiya qiyməti yanvarın sonunda spekulyativ alışların artmasından sonra kəskin geriləmə göstərib.
İlin əvvəlinə 4 321 dollar səviyyəsindən başlayan qızılın bir troya unsiyasının qiyməti yanvarın 29-da 5 600 dolları keçərək tarixi maksimum səviyyəyə çatıb. Fevral ayının əvvəlində satışların güclənməsi nəticəsində qiymətlər 4 min 402 dollara qədər enib.
Bu gün səhər saatlarında qızılın bir troya unsiyasının qiyməti 80 dollar artaraq 5 060,7 dollara yüksəlib. Bununla da, qızıl yanvarın 29-da qeydə alınmış maksimum səviyyədən sonra itirdiyi dəyərin təxminən yarısını bərpa edib. Qızıl ilin əvvəlindən etibarən investorlarına 650 dollardan çox gəlir qazandırıb.
Gümüşün qiymətində kəskin dalğalanmalar davam edir
Gümüş bazarında qiymət dəyişiklikləri qızılla müqayisədə daha kəskindir. 126 dollarlıq rekord səviyyədən sonra dəyərinin üçdəbirindən çoxunu itirən gümüşün bir troya unsiyasının qiyməti bu gün 5 faiz bahalaşaraq 80 dolları ötüb. Gümüş ilin əvvəlindən bəri 40 faizdən çox bahalaşaraq 21 faiz artım göstərən qızılı geridə qoyub.
Analitiklər qızılın bir troya unsiya qiymətinin 5 000 dollar səviyyəsindən yuxarı qalmasının mühüm əhəmiyyət daşıdığını bildirirlər. Həmin səviyyənin qorunması qiymətlərin ortamüddətli istiqamətinin müəyyənləşməsində əsas göstəricilərdən biri hesab olunur.
Qeyd edək ki, qızılın bir troya unsiyasının qiyməti ötən ili iqtisadi qeyri-müəyyənliklər, geosiyasi gərginliklər, inflyasiyanın zəifləməsi, faiz endirimi gözləntiləri, mərkəzi bankların fiziki alışları və dolların ucuzlaşması nəticəsində 65 faizdən çox artımla başa vurub.