CƏMİYYƏT
Qlobal istiləşmə heyvanlarda minlərlə virusa səbəb olacaq
Bakı, 29 aprel, AZƏRTAC
Qlobal iqlim dəyişməsi heyvanlar arasında minlərlə yeni təhlükəli xəstəliklərin yayılmasına səbəb olacaq. Onlardan bəziləri isə insana da ötürülə bilər.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, yeni araşdırmaya əsasən, iqlim dəyişikliyi səbəbindən, COVID-19 pandemiyasına səbəb olan bənzər minlərlə yeni virus 2070-ci ilə qədər heyvanlar arasında yayılacaq. Onlardan bəziləri, çox güman ki, insanlara ötürülmə imkanını əldə edəcək. Bu, xüsusilə Afrika və Asiya, son bir neçə onillikdə ölümcül təhlükəli zoonozların, yəni heyvanlardan insanlara ötürülən xəstəliklər ocağı olan qitələrə aiddir. Həmin xəstəliklərə qrip, HİV, Ebola və COVID-19 daxildir.
Tədqiqat müəllifləri 3000-dən çox məməli növünün növbəti 50 il ərzində virus mübadiləsi üçün qlobal istiləşmə səbəbindən necə miqrasiya edə biləcəyini öyrənməyə kömək edən xüsusi modeldən istifadə ediblər. Bu, planetdə orta temperaturun 2C yüksələcəyi təqdirdə baş verəcək. Son araşdırmalar bunun tamamilə mümkün olduğunu göstərir. Müəyyən edilib ki, virusların növlərarası yayılması təkcə məməlilər arasında 4000 dəfədən çox baş verib. Bu virusların çoxu yarasalara təsadüf edir. Tədqiqata quşlar və dəniz heyvanları daxil edilməyib.
Təbii ki, heç də bütün viruslar insanlara keçməyəcək və ya koronavirus kimi pandemiyaya çevrilməyəcək. Lakin bu növlərarası ötürülmələr nə qədər çox olarsa, patogenin heyvanlardan insanlara keçmə riski bir o qədər yüksəkdir. Yalnız bütün ölkələrin atmosferə istixana tullantılarının azaldılmasına yönəlmiş birgə səyləri qlobal istiləşməni dayandıra bilər.