Qlobal miqyasda kiberhücumlar səbəbindən dəyən illik ziyan saniyədə 190 min ABŞ dollarıdır
Bakı, 2 aprel, AZƏRTAC
2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəyən illik ziyan 6 trilyon, aylıq 500 milyard, həftəlik 115.4 milyard, saatda 684.9 milyon., dəqiqədə 11.4 milyon, saniyədə 190 min ABŞ dolları dəyərində qiymətləndirilir. Ötən ildə qlobal miqyasda dəyən ziyanın nəticələri isə hələ rəsmi olaraq açıqlanmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov aprelin 2-də keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Checkpoint (Çekpoint) şirkətinin hesabatına əsasən 2023-cü ildə təhsil və tədqiqat müəssisələri (İnstitutlar) ən çox hədəflənən sektor olaraq qalıb. Bununla yanaşı, səhiyyə sektoruna hücumlar əvvəlki illə müqayisədə 74 faiz artıb: “We are social (Vi ar soşl) 2023” hesabatına əsasən 8.1 milyard yer kürəsi əhalisinin 57.2 faizi rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır. Onlardan 5.44 milyard insan yəni 68 faizi yalnız 1 mobil cihaz daşıyıcısıdır, 4.76 milyard, yəni 59.4 faizi isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir”.
“Aktiv internet istifadəçilərinin 96.2 faizi bir neçə telefon istifadə etməklə yanaşı 58 faizi laptop və ya masaüstü kompüter, 33.7 faizi tablet, 29.9 faizi ağıllı saat, 16.5 faizi ağıllı TV, 16.4 faizi ağıllı ev cihazları, 5.6 faizi virtual reallıq cihazlarından istifadə edir”,- deyə o əlavə edib.