AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
İstər sahibkarlıq strukturlarında, istərsə də müxtəlif dövlət orqanlarında kütləvi qidalanmanın təşkili zamanı ictimai iaşə müəssisələri qida norma və qaydalarına, sanitar-gigiyenik rejimə çox ciddi əməl etməlidir. Qida zəhərlənməsi halları, təəssüf ki, davam edir. Bu da insanların səhhətinə çox mənfi təsir göstərir.
Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
“Son günlər baş verən zəhərlənmə hadisələrində müşahidələr və statistik göstəricilər onu göstərir ki, qida zəhərlənmələrinin baş verməsi daha çox məişətdə baş verir. Bu isə bizim məişətdə istifadə etdiyimiz məhsulların, qida ilə düzgün davranışın və qida təhlükəsizliyinin məişətdə doğru tətbiq olunmamasının göstəricisidir. Belə ki, evdə hazırlanan müxtəlif konserv məhsullarının hazırlanması zamanı sanitar-gigiyenik rejimlərə düzgün əməl olunmaması, sonra həmin məhsulların kütləvi qidalanmaya verilməsi insanlar arasında çox xoşagəlməyən hadisə olan qida zəhərlənməsinə səbəb olur. Bu məsələnin həll yolları müvafiq dövlət proqramında da nəzərdə tutulub. Düzdür, bəzi media strukturları bunu ictimaiyyətə çox yanlış təqdim etməyə çalışır. Guya, Qida Təhlükəsizliyi Agentliyi ev şəraitində hazırlanan konserv məhsullarına sertifikatlaşma kimi bir yanaşma tətbiq etməyə çalışır. Bu kökündən yanlışdır. Onlar yəqin ki, müvafiq Dövlət Proqramını oxumadan mülahizələr irəli sürürlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, sadəcə, Dövlət Proqramında da nəzərdə tutulan məsələ ondan ibarətdir ki, qida məhsulları, o cümlədən də konservləşdirilmiş məhsullar ev şəraitində mütləq şəkildə sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır. Biz də istər ailə təsərrüfatlarını, istərsə də fermer kəndli təsərrüfatlarını bu sahədə doğru-düzgün maarifləndirəcəyik və müxtəlif dövlət qurumları ilə bu sahədə ətraflı iş aparacağıq. Qeyd edim ki, ev şəraitində də, yəni ailə və fermer kəndli təsərrüfatlarında qida məhsulları hazırlana bilər. Amma bunlar kütləvi istifadəyə verilirsə, mütləq şəkildə həmin məhsulların doğru-düzgün qablaşdırılması, etiketləndirilməsi, saxlanma temperaturu və müddətləri məhsulların üzərində əksini tapmalıdır. Əks təqdirdə, həmin məhsullar gələcəkdə insanların səhhətində çox ciddi problemlər yarada bilər", - deyə AQTA sədri diqqətə çatdırıb.