QUBA İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Sonra Dədə Qorqud abidəsinin önündə mitinq keçirildi. Mitinqi rayon ağsaqqalı Həsən Günəşli açdı.
RAYON AĞSAQQALI HƏSƏN GÜNƏŞLİNİN
ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Hörmətli dostlar!
Bu gün hamımız üçün bayramdır. Biz hörmətli Prezidenti Quba torpağında salamlayır və ona “Xoş gəlmisiniz!” deyirik.
Ulu öndərimiz Heydər Əliyev biz qubalıların xatirəsində daim yaşayacaqdır. Onun xalqa göstərdiyi xidmətlər heç vaxt unudulmayacaqdır. Biz ümummilli liderimizin siyasi varisi, onun siyasi xəttini ləyaqətlə davam etdirən İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik. Məhz onun göstəriş və tapşırıqlarına əsasən, rayonumuzda son vaxtlarda 1500-ə yaxın yeni iş yerləri açılmışdır. Cənab Prezident, bu, Sizin yeritdiyiniz siyasətin, xalqımıza göstərdiyiniz qayğının nəticəsidir.
Son vaxtlar verdiyiniz Fərmanlarla xalqımızın rifahının yaxşılaşdırılması üçün böyük işlər həyata keçirilir. Minimum əmək haqqının artırılması əhalinin sosial rifahını daha da yaxşılaşdırmışdır. Bütün bunlara görə mən qubalılar adından minnətdarlığımızı bildirir, Sizə uzun ömür, cansağlığı arzu edirik.
Qubada tikilən Olimpiya İdman Kompleksi Heydər Əliyevin əsəridir. Bu, qubalılara böyük hədiyyədir. Bu, Sizin gərgin əməyinizin nəticəsidir. Buna görə Sizə təşəkkür edirik. Qubada xeyli işlər görülür və çox işlər hələ qabaqdadır.
Əminik ki, Sizin həyata keçirdiyiniz siyasət nəticəsində torpaqlarımız erməni işğalçılarından azad olunacaq, qaçqınlarımız, köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaqlar. Biz buna əminik.
Biz həmişə ulu öndərimizin qayğısını hiss etmişik. Bu gün bu qayğı Sizin tərəfinizdən də göstərilir. Qubalılar həmişə Sizi dəstəkləmişlər və dəstəkləyəcəklər. Sizin daxili xə xarici siyasətinizi ürəkdən bəyənir və müdafiə edirik. Heydər Əliyevin siyasətini dəstəkləyən qubalılar Sizi daim dəstəkləyəcək və həmişə Sizi müdafiə edəcəkdir.
Ulu öndərimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyevə eşq olsun!
Yaşasın Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev!
X X X
Prezident İlham Əliyev mitinqdə nitq söylədi.