Quba-Xaçmaz yolunda əsaslı təmir işləri ilin sonunadək yekunlaşdırılacaq VİDEO
Quba, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba və Xaçmaz rayonlarını birləşdirən avtomobil yolunda əsaslı təmir işləri bu ilin sonunadək yekunlaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçilən yeni yolda hazırda asfaltlanma işləri sürətlə davam edir. Yeni yolun hərəkət hissəsinin eni 7,5, yol çiyinləri ilə birlikdə isə 12 metrdir.
Ötən əsrin 70-ci illərində salınan 28 kilometrlik yol istismar müddətini başa vurduğundan son illər avtomobillərin hərəkəti üçün ciddi çətinlik yaranmışdı. Məhz buna görə də “Azəravtoyol” ASC tərəfindən şimal bölgəsinin iki böyük rayonunu birləşdirən və turizm əhəmiyyətli yolun əsaslı təmirinə başlanılıb.
Yolda təmir işlərinin birinci mərhələsində köhnə asfalt qatı çıxarılaraq yol yatağının sıradan çıxan hissələri bərpa edilib. Quba-Xaçmaz yolunun 22 kilometrinə yüksəkkeyfiyyətli asfalt döşənəcək.