QUBADLI RAYONUNUN İŞĞALINDAN 11 İL KEÇİR
Tədbir iştirakçıları – Sumqayıtda məskunlaşmış məcburi köçkünlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Əbədi məşəlin önünə əklil, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə gül–çiçək dəstələri qoyuldu.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və başqaları mərasimdə çıxış edərək bildirdilər ki, kiçik ərazisi olan bu rayonun məkrli düşmənlə 125 kilometrlik sərhədi var idi. Rayon əhalisi öz gücü ilə qəhrəmancasına müdafiə olunurdu. Müharibə neçə-neçə günahsız insanın həyatına son qoydu, 234 gənc döyüşçü şəhid oldu, 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Erməni işğalçılarının azğınlığını hər bir ailə öz üzərində hiss etmişdir. Doğma yurdlarından didərgin düşmüş qubadlılılar indi respublikanın 47 rayonunda, əsas hissəsi Sumqayıtda məskunlaşmışdır.
Natiqlər qeyd etdilər ki, bütün çətinliklərə baxmayaraq, bu insanlar yaxın vaxtlarda öz əzəli torpaqlarına qayıdacaqlarına əmindirlər. Heydər Əliyevin siyasi xəttinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onlarda belə bir inam yaradır.