QUBADLI RAYONUNUN ŞAGİRDLƏRİ YENİ DƏRS İLİNƏ TƏZƏ MƏKTƏBLƏRDƏ BAŞLAYACAQLAR
Qubadlı rayonunun şagirdləri yeni dərs ilinin başlanması münasibətilə yaxşı hədiyyə almışlar.
Avqustun 29-da Ceyranbatan və Hacı Zeynalabdin Tağıyev qəsəbələrində şəhid Çingiz Quliyev adına Çardaqlı və şəhid Bəxtiyar Əsgərov adına Xələc kənd orta məktəblərinin açılış mərasimi keçirilmişdir.
Qubadlı rayon icra hakimiyyətinin başçısı Məlik İsaqov bu münasibətlə keçirilən tədbirlərdə çıxış edərək bildirmişdir ki, yeni binaların tikintisi “CGF” beynəlxalq qeyri-hökumət humanitar təşkilatının maliyyə dəstəyi sayəsində mümkün olmuşdur. O, həmin layihə üçün 40 min ABŞ dolları ayırmışdır.
Bu vaxtadək uyğunlaşdırılmış vaqonlarda dərs keçən şagirdlər indən belə işıqlı, isti, müasir mebellə təchiz edilmiş, kompüterləşdirilmiş siniflərdə oxuyacaqlar. “Azərboru” Səhmdar Cəmiyyəti və “Azərikimya” Dövlət Şirkəti binaların avadanlıqla təchizatında və abadlaşdırılmasında yaxından iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin öz doğma ocaqlarını, torpaqlarını itirmiş, öz vətənində qaçqın və köçkünə çevrilmiş insanlara qayğı və diqqəti xüsusi vurğulanmış və belə bir əminlik ifadə olunmuşdur ki, dövlətimizin başçısının müdrik, uzaqgörən daxili və xarici siyasəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və məcburi köçkünlər öz əzəli torpaqlarına qayıdacaqlar.
Elə həmin gün Sumqayıtın Nəriman Nərimanov adına mədəniyyət sarayında Qubadlı rayonu müəllimlərinin ənənəvi avqust konfransı keçirilmişdir.
Natiqlər rayonun təhsil işçilərinin uğurlarından danışaraq bildirmişlər ki, əsasən Sumqayıt və Bakı şəhərlərində yerləşən bütün 41 məktəb normal fəaliyyət göstərir, bu məktəblərdə oxuyan 5 minədək şagird istər təhsildə, istərsə də idmanda yaxşı göstəricilər nümayiş etdirir, respublika olimpiadalarında uğurla yarışırlar.