REGİONLAR
Qubanın Xınalıq kəndində evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb
Quba, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Xınalıq kəndində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan yeniyetmələr dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər.
Araşdırmalarla məlum olub ki, onlar iki evdən 2 ədəd mobil telefon, 2 ədəd qol saatı, durbin, süngü-bıçaq, “İj” markalı ov tüfəngi, patrondaş, 12 patron, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.
Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.