İDMAN
Qurban Qurbanov: Uğurlu nəticə qazanacağımıza inanıram
![Qurban Qurbanov: Uğurlu nəticə qazanacağımıza inanıram](/files/2020/2/1200x630/15976620056551436264_1200x630.jpg)
Bakı, 17 avqust, AZƏRTAC
Sabahkı oyunda diqqətli və məsuliyyətli olmalıyıq. Buna səbəb yeni reqlamentə əsasən, biroyunluq qarşılaşmaya çıxmağımızdır. Problemlərə yol verməməliyik. Düşünürəm ki, futbolçular pis hazırlaşmayıblar. Amma meydanda əzmlə mübarizə aparmalıyıq. Uğurlu nəticə qazanacağımıza inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
“Sileks” klubunun milli çempionatda son iki oyununu təhlil etdiklərini vurğulayan baş məşqçi bildirib: “Rəqib topla oynamağa can atan komandadır və bu, bizə çətinlik yarada bilər. Bu turnirdə zəif komanda olmur. Futbolçularımız da artıq təcrübəlidirlər. Əvvəlki illərdə ola bilsin ki, hansısa rəqibin zəif olduğunu düşünüb və meydanda bunun əksini görüblər. İnanmıram ki, oyunçularda arxayınlıq olsun. Sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. İndividual cəhətdən yaxşı oyunçuları var. Sabah rəqibin əks-hücumlarının qarşısını almaqda diqqətli olmalıyıq”.
Bakıda oyunlarda daim fəal azarkeş dəstəyi hiss etdiyini vurğulayan Qurban Qurbanov bu baxımdan azarkeşlərin oyuna buraxılmamasının rəqib üçün müəyyən üstünlük olacağını bildirib: “Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə oynamışıq. Düşünürəm ki, sabah azarkeşsiz oynamağımız “Sileks”in üstünlüyüdür. Yeni transferimiz Uroş Matiç yəqin ki, start heyətdə meydana çıxacaq. Heyətə bir az gec qoşulsa da, təcrübəsi sayəsində bunu aradan qaldıracağına inanıram”.
Təcrübəli mütəxəssis yeni transferlərin uyğunlaşma prosesindən danışaraq deyib: “Yeni transferlərimizi qənaətbəxş hesab edirəm. Qəbələdə təlim-məşq toplanışında özlərini yaxşı göstərməyə çalışdılar. Rəsmi oyuna çıxmayıblar. Komandaya uyğunlaşmağa çalışırlar”.
Qeyd edək ki, “Qarabağ” - “Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu görüşün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) - “Fola Eş” (Lüksemburq) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.