Qurban Qurbanov: Üzərində çalışdığımız hücumlar pis alınmadı
Bakı, 18 avqust, Nicat Məmmədov, AZƏRTAC
Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunu var. Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.
O deyib: “Maksim Medvedev zədələndi. Bu zədənin nə dərəcədə olduğunu sabah həkimlər deyəcək. Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərmələri mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Üzərində çalışdığımız hücumlar pis alınmadı, standart vəziyyətlərdə də pis oynamadıq. Komandada müəyyən səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Bunlar elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.