Qusar Dövlət Ləzgi Dram Teatrı “Xarı bülbül” tamaşasını təqdim edəcək
Qusar, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tamaşaçılara yeni səhnə əsərini təqdim etməyə hazırlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Xarı bülbül” adlı tamaşa Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə səhnələşdirilib.
Otuza yaxın aktyor heyətinin rol aldığı tamaşada ermənilərin soydaşlarımızın başına gətirdiyi müsibətlər əks etdirilir. Bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət hadisəsindən bəhs edən yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.
Səhnə əsərinin rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
“Xarı bülbül” tamaşası fevralın 26-da Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.