İDMAN
Qusarda universal döyüş üzrə Avropa çempionatına start verilmişdir
Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 21-də Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə VI Avropa çempionatına start verilmişdir. Klassik və layt versiya üzrə kişi və qadınlar arasında keçirilən qitə çempionatında 25 ölkədən 121 idmançı qüvvəsini sınayır. Çempionatda ölkəmiz iki heyətdə 18 idmançı ilə təmsil olunur. Yarışların baş hakimi Fərhad Ocaqverdiyevdir. Bu gün layt versiya üzrə yarışlara start verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu növ üzrə yarışlarda kişi idmançılarımız 5 qızıl, 3 gümüş, 2 bürünc medal qazanmışlar. Qadın idmançılarımız isə 3 qızıl, 4 gümüş medala sahib çıxmışlar. Sabah klassik versiya üzrə yarışlar keçiriləcəkdir.
Yarışlara dekabrın 22-də yekun vurulacaqdır.
Xatırladaq ki, bundan əvvəlki Avropa çempionatı ötən ilin sentyabrında ölkəmizdə keçirilmişdi və komandamız ümumi hesabda birinci yeri tutmuşdur.