REGİONLAR
Qusarın Hil kəndinin su təchizatı sistemi yenilənəcək VİDEO
Qusar, 2 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Hil kəndinin sakinləri təmiz, içməli su ilə təmin olunacaq. Bunun üçün su təchizatı sistemi yenilənəcək. Tikinti işləri Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami” vasitəsilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, martın 2-də rayon icra hakimiyyətində “Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Rafik İsmayılov imzalayıb.
Bildirilib ki, layihənin əsas məqsədi kəndin su təchizatı sistemini bərpa etməklə yerli sakinləri təmiz su ilə təmin etmək və yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır. Layihənin ümumi məbləği 83 min 320 ABŞ dolları təşkil edir.
Rayon mərkəzindən 12 kilometr məsafədə yerləşən Hil kəndində 5 min nəfərdən çox əhali yaşayır.
Bundan əvvəl Qusar rayonunda Yaponiya hökumətinin dəstəyi ilə daha 3 layihə icra olunub. Şəhər 5 saylı məktəbin bərpası, Piral və Yasab kəndlərində su təchizatı sisteminin tikintisi qeyd olunan layihə çərçivəsində həyata keçirilib.
“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami” bələdiyyələr, tibb institutları və QHT-lərin vətəndaşların yaşayış standartlarının yaxşılaşdırılmasına xidmət edən layihələrini dəstəkləyir. Bu vaxta kimi layihələr üzrə imzalanmış müqavilələrin sayı 217, ümumi dəyəri isə təxminən 18,6 milyon ABŞ dolları təşkil edir.