QUSARLILAR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNƏ BÖYÜK XİDMƏTLƏR GÖSTƏRMİŞLƏR
Prezident İlham Əliyev şəhərin Nəriman Nərimanov adına parkına gəldi. Burada əsaslı təmir olunmuş veteranlar evinə baş çəkdi. Dövlətimizin başçısı müharibə və əmək veteranları ilə görüşündə bu insanlara qayğının həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu söylədi. Veteranlar dövlətimizin başçısının xarici və daxili siyasətini bəyəndiklərini və lazım gələrsə, torpaqlarımızın azad edilməsi üçün Azərbaycan Prezidentinə hər cür dəstək verməyə hazır olduqlarını bildirdilər. Prezident İlham Əliyev torpaqlarımızın tezliklə düşmən işğalından azad olunacağını, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarını söylədi.
Sonra şəhər sakinləri ilə görüş keçirildi. Görüşü rayon mədəniyyət şöbəsinin müdiri Şəmsəddin Şərifov açdı.
QUSAR RAYON MƏDƏNİYYƏT ŞÖBƏSİNİN MÜDİRİ
ŞƏMSƏDDİN ŞƏRİFOVUN ÇIXIŞI
-Hörmətli cənab İlham Əliyev!
Bu gün Qusar rayonunun tarixində, onun sakinlərinin həyatında ən yaddaqalan tarixi bir gün olacaqdır.
Möhtərəm Prezident, Azərbaycan xalqı Sizi çox sevir, Sizə sonsuz məhəbbət və ehtiramla yanaşır. 2003-cü ilin oktyabr seçkilərində xalqımızın, o cümlədən Qusar camaatının Sizə sonsuz, tükənməz məhəbbətinin bir daha şahidi olduq. Qubada Olimpiya kompleksinin açılışında Siz seçkiqabağı platformanızdan bəhs edərkən vəd etdiniz ki, xalqla yaxından ünsiyyətdə olacaq, insanların bütün müraciətlərini dinləyəcəksiniz. Seçkilərdən cəmi doqquz ay keçir. Siz seçkiqabağı vədinizə əməl edərək, bu gün Qusar torpağına qədəm qoymusunuz. Qədəmləriniz mübarək olsun, əziz Prezident! Siz Azərbaycan xalqının həyatında, onun mənəviyyatında iz qoyan, insanların dərin məhəbbətini qazanan dövlət başçısısınız. Siz ümummilli liderimiz möhtərəm Heydər Əliyevin yolunu uğurla davam etdirirsiniz, “Xalq - Heydər, Heydər – xalq” kəlamını bir daha təsdiq edirsiniz. Siz Azərbaycanı bir dövlət kimi, xalqımızı bir millət kimi dünya miqyasında tanıdırsınız. Dünyanın müxtəlif ölkələrində millətimizin başını uca etmisiniz. Bu yolda Sizə uğurlar arzulayır, cansağlığı, Azərbaycan xalqının işıqlı gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirik.
Əziz Prezident, bu gün Qusarda sabitlikdir, sakitlik hökm sürür. Çünki Qusar camaatı tarixin bütün mərhələlərində dövlətçiliyə, Prezidentə sadiq olmuşlar. Siz Qusara yeni icra hakimiyyəti başçısı təyin etməklə rayon sakinlərinə olan səmimi məhəbbətinizi bir daha ifadə etdiniz.
Yeni icra hakimiyyəti başçısı qısa müddət ərzində xalqın etimadını qazanmış, insanların müraciətlərini dinləyib müvafiq tədbirlər görmüşdür.
Möhtərəm Prezident, Siz Azərbaycanda Heydər Əliyev ideyalarının təntənəsi üçün əlinizdən gələni edirsiniz. Sosial-iqtisadi inkişaf və regionların inkişafı üzrə mühüm sənədlər Qusarda da yeni məktəblərin, xəstəxanaların tikilməsini, Şahdağ milli parkının yaradılmasını nəzərdə tutur. Buna görə biz Sizə ürəkdən təşəkkür edirik. Hər bir qusarlı bu proqramların həyata keçirilməsində icra hakimiyyətinin başçısına yaxından, sidq ürəklə kömək edəcəkdir.
Hörmətli Prezident, Siz bu yaxınlarda Azərbaycanın tarixində, Heydər Əliyevin istək və arzularında mühüm yer tutan neft strategiyası ilə bağlı sənəd də imzalamısınız.
Əziz Prezident, bir daha demək istəyirəm ki, qusarlıların Sizə olan məhəbbəti sonsuzdur, tükənməzdir və əbədidir.
X X X
Dövlətimizin başçısı görüşdə nitq söylədi.