Quşçuluğun inkişafı mövzusunda videokonfrans keçirilib
Bakı, 14 yanvar, AZƏRTAC
Quşçuluğun inkişafı ilə əlaqədar videokonfrans keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransda kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, bu il ölkəmizdə böyük quruculuq ilidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafla əlaqədar bir sıra mühüm layihələr həyata keçirilir. Ölkəmizin ərzaq təhlükəsizliyi və daxili istehsal hesabına özünü təmin etməsində böyük irəliləyişlər var. Qida zəncirində mühüm həlqələrdən biri də quş əti və yumurta ilə təminatdır. Azərbaycan özünü yumurta ilə tam təmin etsə də, quş əti ilə təminatda 25 faiz idxaldan asılılıq qalır. Quş ətinə olan daxili tələbatı təmin etməyə imkan verən potensial mövcuddur və Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda quşların pərakəndə satışının epizootik vəziyyətə təsiri, zəif patogen quş qripinə qarşı vaksinasiya ilə əlaqədar gələcəkdə həyata keçiriləcək tədbirlər, quşçuluq müəssisələrinin idarə olunmasında mövcud olan nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, bu sahədə dövlətin tənzimləmə mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb, ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqun davam etdiriləcəyini bildirib.
Müzakirələr nəticəsində Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara müvafiq təkliflər paketinin təqdim edilməsi qərara alınıb.