QUZANLI GÖRKƏMİNİ DƏYİŞİR
AZƏRTAC xəbər verir ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Ağdamın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müvafiq sərəncam, daxili imkanlar hesabına aparılan quruculuq-abadlıq işləri sayəsində rayonun, xüsusilə Quzanlı qəsəbəsi görkəmini dəyişir, inkişaf edir.
Qısa müddət ərzində qəsəbədə Heydər Əliyev muzeyi, Olimpiya İdman Kompleksi, Yeni Azərbaycan Partiyasının, 118 saylı şəhər və 119 saylı kənd seçki dairələrinin, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin, Poçtamtın, orta ixtisas musiqi texnikumunun, orta məktəbin, Dövlət yanğından mühafizə hissəsinin binaları tikilib istifadəyə verilmiş, internet klubu açılmış, ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Yollara asfalt döşənmiş, küçələrin kənarlarına hasarlar çəkilmiş, vaxtilə plansız tikilmiş ticarət obyektləri, yöndəmsiz köşklər ləğv edilərək yeniləri ilə əvəz olunmuş, sosial-iqtisad kollecinin ikimərtəbəli binası əsaslı təmir olunmuşdur.
Tikinti-quruculuq işləri davam etdirilir. 120 yerlik uşaq bağçası, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Kapitalbank ASC-nin Ağdam rayon filialı, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi üçün binaların inşası başa çatmışdır. Bu obyektlərin istifadəyə verilməsi üçün tamamlama işləri aparılır. 50 çarpayılıq mərkəzi rayon xəstəxanasının, Statistika idarəsinin, “Şəhidlər” abidə kompleksinin, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, avtovağzalın tikintisi, qəsəbəyə qaz çəkilişi davam etdirilir.