Rabatda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
Rabat, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə səfirlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Oktay Qurbanov çıxışında Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib, ölkəmizin bugünkü siyasi, iqtisadi və mədəni inkişafının əsasının bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Səfir ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının əsasında iqtisadi inkişaf və ordu quruculuğunun əsas prioritet istiqamətlər olduğunu, 30 ildən artıq erməni işğalında qalmış ərazilərimizin məhz bu uzaqgörən dövlətçilik strategiyasının və onu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində azad edildiyini, bununla da ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.
O.Qurbanov ulu öndər Heydər Əliyevin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı öz uzaqgörən siyasəti ilə ölkəmizin gələcək iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdiyini, iqtisadiyyatımızın təminatı kimi böyük zavod və fabriklərin məhz onun göstərişi ilə Azərbaycanda tikildiyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan-Mərakeş arasındakı dostluq münasibətlərindən söz açan səfir bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyevin 1994-cü ilin dekabr ayında Kasablanka şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının VII Zirvə toplantısında iştirak etmək üçün Mərakeş Krallığına səfər zamanı mərhum Kral II Həsən arasında keçirilmiş görüşdə qoyulduğunu vurğulayıb.
Oktay Qurbanov müdrik liderlərin təməlini qoyduğu bu münasibətlərin bu gün də hər iki dövlət başçıları - Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Azərbaycanla Mərakeşin istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Mərakeşin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və qarşılıqlı olaraq, Azərbaycanın da Mərakeşin ərazi bütövlüyünü dəstəkləməsinin bu əlaqələrin sarsılmaz, əbədi dostluq münasibətlərinə sübut olduğunu, 44 günlük Vətən müharibəsinin ilk günlərində Mərakeşin Azərbaycana dəstək bəyanatının dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirildiyi qeyd edib.
Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri M.Fəqiri ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edərək, onun keçmiş SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələn yeganə müsəlman dövlət xadimi olduğunu vurğulayıb.
Tədbirdə Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə yanaşı tanınmış şairələr Fatimə Əl-Abdi, Fatimətuzzəhra Marruni, yerli KİV nümayəndələri və Azərbaycanda təhsil almış tələbələr iştirak ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Tədbirlə bağlı yerli KİV-də məlumatlar dərc olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat