SİYASƏT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Əsasnamə ümumi müddəaları, nazirliyin fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını, fəaliyyətinin təşkilini əhatə edir.
Nazirliyin strukturuna aparat (şöbələr və sektorlar), İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Elektron Təhlükəsizlik Mərkəzi daxildir.
Fərmanda nazirlik aparatının işçilərinin say həddi 107, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12, Elektron Təhlükəsizlik Mərkəzinin işçilərinin say həddi isə 18 ştat vahidi müəyyən olunmuşdur.
Fərmana əsasən “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Fərmanı ləğv edilmişdir.