RADİKAL MÜXALİFƏTİN LİDERLƏRİ QARŞIDURMA YARATMAQ FİTNƏLƏRİNDƏN ƏL ÇƏKMİRLƏR
Bakı Şəhəri Baş Polis İdarəsi rəisinin müavini general-mayor Yaşar Əliyevin verdiyi məlumata görə oktyabrın 1-də təxminən saat 16.00 radələrində Rauf Arifoğlu, Arif Hacıyev, Qabil Hüseynli başda olmaqla 100 nəfərə yaxın qanunsuz aksiya iştirakçıları “Nizami” kinoteatrının yaxınlığında, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin binası qarşısında polisə qarşı zor işlədiblər. Onlar əllərindəki qəzetlərin arasındakı dəmir parçaları ilə polis nəfərlərinə zərbələr endiriblər. Lakin bunlara baxmayaraq, polis onları oradan kənarlaşdırmışdır. Polis nəfərlərinə zərbə endirənlər Rauf Arifoğlunun, Arif Hacıyevin və Qabil Hüseynlinin yanlarındakı cangüdənlər olmuşdur.
Çevik polis alayının komandiri polis polkovniki Rza Hacıyev bildirmişdir ki, təxminən saat 16.00 radələrində Rauf Arifoğlu, Arif Hacıyev və radikal müxalifətin bir neçə fəalları başda olmaqla bir dəstə qəflətən şəxsi heyətə hücüm çəkdilər. Onların, əsasən də idmançıların, Rauf Arifoğlunun cangüdənlərinin əllərində kağıza, qəzetə bükülmüş müxtəlif əşyalar, o cümlədən dəmir parçaları var idi. Əgər bu hücum zamanı polis əməkdaşları özlərini qalxanlarla qorumasaydılar, bəlkə də öldürülə bilərdilər.
Qanunsuz aksiyanın qarşısının alınması zamanı polis nəfərlərinə xəsarət yetirilmiş və onlar xəstəxanaya qoyulmuşlar. Onlardan biri, Çevik polis alayının ikinci bölüyünün baş serjantı Nəsirov deyir ki, biz Nizami kinoteatrının qarşısında xidmət aparırdıq. Rauf Arifoğlu və onun cangüdənləri həmişəki kimi, aqressivlik nümayiş etdirirdilər. Biz onları sakitliyə dəvət edərkən R.Arifoğlunun yanındakı cangüdənləri əllərindəki kağıza bükülü dəmir parçaları ilə bizim başımıza, qollarımıza zərbələr endirdilər. Bu zərbələrdən mən huşumu itirdim. Sonra nə baş verdiyindən xəbərim olmadı.