Rasif Dünyamalıyev: Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsi vacibdir
Bakı, 19 noyabr, AZƏRTAC
Sosial Xidmətlər Agentliyinin "Övladını tanı" layihəsinin məqsədi sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin diaqnostika alətlərinə əlçatanlığını təmin etməkdir. Ölkədə həssas qrupa aid olan belə uşaqların valideynlərinin maarifləndirilməsi vacibdir. Həmin valideynlər övladlarının bir sıra belə problemləri ilə əsasən uşağı məktəbə və ya bağçaya apararkən rastlaşırlar. Ona görə də layihənin ilkin olaraq 6 yaşa qədər olan uşaqları əhatə etməsini planlaşdırırıq. Platforma uşaq inkişafını 4 istiqamət üzrə qiymətləndirir. Uşaqların sosial inkişaf bacarıqlarını, nitq problemlərini "Övladını tanı" platforması vasitəsilə dəyərləndirmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan "Övladını tanı" layihəsinin rəhbəri Rasif Dünyamalıyev deyib.
O qeyd edib ki, platformanın hazırlanmasında peşəkar komanda işləyib: "Komanda xüsusilə uşaq psixoloqları və psixoterapevtlər, loqoped və pediatrlardan təşkil olunub. Komandanın müəyyən etdiyi inkişaf standartlarına əsasən, platformaya 150-dən çox sual yerləşdirilib".
R.Dünyamalıyev, həmçinin mobil tətbiqin iş prinsipi barədə də məlumat verib. Bildirib ki, valideynlər tətbiq vasitəsilə qeydiyyatdan keçərək bir neçə övladı üçün “özəl otaq” yarada bilər: "Övladının məlumatlarını daxil etdikdən sonra inkişaf bölməsinə daxil olaraq, yoxla düyməsini sıxmaqla onun yaşına uyğun olaraq hazırlanmış həmin 150 suala cavab verilir və tətbiq bu cavablara uyğun olaraq uşağın inkişaf dərəcəsini hesablayır. Tətbiq uşaqda hansısa geriləmə olduğu təqdirdə, istifadəçiyə ona uyğun tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu haqqında hesabat təqdim edir. Tətbiqin “inkişaf”, “uğur” və “resurs” bölmələrində keçirilmiş yoxlamalar, uşağın nəticələrinə uyğun tapşırıqlar, uşaq psixiatrlarına birbaşa çıxış və digər xidmətlər də təqdim olunur".