“Real Madrid” La Liqanın sonuncu turunda “Vilyarreal” ilə heç-heçə edib
Bakı, 20 may, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının sonuncu - 38-ci turunda “Real Madrid” klubu səfərdə “Vilyarreal” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, oyunun 11-ci dəqiqəsində kral klubu hesabı açıb. Qaret Beyl adını tabloya yazdırıb - 0:1. Qarşılaşmanın 32-ci dəqiqəsində Kriştiano Ronaldo cari mövsümdə 26-cı dəfə fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 70-ci dəqiqəsində Roxer Martinezin qolu ilə hesab arasındakı fərqi azaldıblar - 1:2. Oyunun əsas vaxtına beş dəqiqə qalmış ev sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Künc zərbəsindən sonra Samuel Kastilexo dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub - 2:2. “Estadio de la Keramika” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Turun digər oyunlarında “Selta Viqo” doğma meydanda “Levante”ni (4:2), “Leqanes” isə “Real Betis”i (3:2) məğlub edib. “Las Palmas” səfərdə “Girona”ya 1:2, “Malaqa” isə “Xetafe”yə 0:1 məğlub olub. “Sevilya” doğma meydanda “Alaves” üzərində minimal hesablı qələbə qazanıb.
İspaniya çempionatına mayın 20-də oynanılacaq “Valensiya”-“Deportivo”, “Atletik”-“Espanyol”, “Atletiko Madrid”-“Eybar” və “Barselona”-“Real Sosiedad” oyunları ilə yekun vurulacaq.
La Liqanın builki mövsümü “Barselona”nın çempionluğu ilə başa çatıb. Cari mövsümdə 90 xal toplayaraq çempionluğu vaxtından əvvəl bayram edən kataloniyalıların La Liqadaakı 36 oyunluq məğlubiyyətsizlik seriyası ötən tur “Levante” ilə görüşdə başa çatıb - 4:5.
“Atletiko Madrid” 78 xalla ikinci, “Real Madrid” 76 xalla üçüncü, “Valensiya” isə 70 xalla dördüncü sırada qərarlaşıb. “Vilyarreal” 61 xalla beşinci, “Real Betis” 60 xalla altıncıdır. Bu mövsüm 58 xal toplayaraq çempionatı yeddinci pillədə başa vuran “Sevilya” avrokuboklara çıxma şansını itirib.
Cari mövsümdə “Deportivo”, “Las Palmas” və “Malaqa” klubları La Liqa ilə vidalaşmalı olublar.