İQTİSADİYYAT
Regionlarda qadınların iqtisadi gücünün artırılması layihəsinə başlanılıb
Bakı, 25 may, AZƏRTAC
Kiçik Orta Biznes İnkişaf Agentliyinin (KOBİA) Yevlax və Göyçay - Ağdaş KOB inkişaf mərkəzləri, "Gələcək naminə" İctimai Birliyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsi həyata keçirilir.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, Göyçayda layihə çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması: perspektivlər və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib.
Tədbirin məqsədi Göyçay, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Gəncə və Mingəçevir rayonlarında müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların fəaliyyəti ilə tanış olmaq, onları sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır.
AQSİA-nın İdarə Heyətinin rəhbəri Səkinə Babayeva çıxışında qadınların sosial-iqtisadi gücü, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və ailə biznesinə qadınların dəstəyindən, AQSİA-nın qadın sahibkarlara göstərdiyi dəstək mexanizmlərindən bəhs edib.
Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların işgüzar əlaqələrinin genişləndirilməsi və şəbəkələşməsinə dəstək üzrə müzakirələr aparılıb, həmçinin qadınların əl işlərindən ibarət sərgi təşkil olunub.
Layihə çərçivəsində sahibkar qadınlar üçün mentorluq dəstəyinin göstərilməsi nəzərdə tutulur.