RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Partiyanın sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı tədbiri açaraq, ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il yanvarın 30-da imzaladığı Sərəncamın əhəmiyyətini bir daha xatırlatmışdır. O, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətindən, Şərqdə bu ilk demokratik dövlətin qəbul etdiyi qanunlardan, sərhədlərimizin dəqiqləşdirilməsindən, dövlət atributlarımızın yaradılmasından geniş danışmışdır. Qeyd etmişdir ki, hər dəfə Azərbaycan müstəqilliyi uğrunda mübarizəyə başlayanda nankor qonşularımız torpaq iddiası ilə işimizə mane olmuşlar. Bu dəfə isə Azərbaycanın bəxti onda gətirdi ki, Heydər Əliyev vardı və ölkənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edərək, dövlət rəhbərliyinə gəldi, onu yox olmaq təhlükəsindən xilas etdi.
Natiq bildirmişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son vaxtlar dünyanın aparıcı dövlətlərinin Azərbaycana artan marağı, respublikamızın beynəlxalq qurumlara üzv qəbul edilməsi, iqtisadiyyatımızın sürətli inkişafı, dövlət quruculuğu sahəsindəki uğurlarımız və əldə edilən digər nailiyyətlərimiz göstərir ki, müstəqilliyimizin taleyi etibarlı əllərdədir.
Toplantıda çıxış edənlər 28 Mayın Azərbaycanımız üçün ən müqəddəs tarix olmasından, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən və s. danışmışlar.