RESPUBLİKA SARAYINDA 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLMİŞDİR
Martın 7-də Respublika sarayında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva mərasimi açaraq, Azərbaycan Prezidenti Heydər Əliyevə ölkəmizin bütün qadınları adından uzun ömür, möhkəm cansağlığı, Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə çətin və şərəfli işində yeni-yeni uğurlar arzuladı.
Komitənin sədri dedi ki, müasir bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri - 8 Mart beynəlxalq qadınlar günü dünyanın hər yerində təntənəli surətdə qeyd edilir. Cəmiyyətdə həmişə uca tutulmuş, müqəddəs varlıq sayılmış qadına xalqımız qədim zamanlardan hörmətlə yanaşmışdır. Dünya qadınları sırasında öz layiqli yerini tutmuş Azərbaycan qadını böyük inkişaf yolu keçərək, qəhrəman övladlar böyütmüş, Vətənin, torpağın bölünməzliyi uğrunda kişilərlə birlikdə çiyin-çiyinə mübarizə aparmışlar. İndi müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurla fəaliyyət göstərən, yeni cəmiyyət quruculuğuna dəyərli töhfələrini verən qadınlarımız cəmiyyətimizdə daha fəal rol oynayırlar.
Natiq vurğuladı ki, Azərbaycan dövləti, respublikamızın Prezidenti Heydər Əliyev gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində qadınlarımızın əməyini yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin rəhbərinin bu barədə imzaladığı bir neçə mühüm Fərman və Sərəncam buna əyani sübutdur.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti Heydər Əliyevin 8 mart beynəlxalq qadınlar günü münasibətilə qadınlara ünvanlanmış təbrik məktubunu oxudu.
Yaponiyanın Azərbaycandakı səfiri Toşuyuki Fucivara, Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare, Türkiyənin Bakıdakı səfirinin xanımı Emel Çeviköz mərasimdə çıxış etdilər. Onlar Azərbaycan qadınının tarixən çox şərəfli yol keçdiyini, ölkənin həyatının bütün sahələrində qadınlara yer verildiyini vurğulayaraq söylədilər ki, Azərbaycan qadınları ailədə ən qayğıkeş ana, xanım olmaqla bərabər, ictimai-siyasi proseslərdə öz sözlərini deyirlər. Qonaqlar öz ölkələrində qadınlara göstərilən münasibətdən də danışdılar və əlamətdar bayram ərəfəsində Azərbaycan qadınlarını təbrik etdilər, xoşbəxtlik arzuladılar.
Zəhra Quliyeva mərasimə yekun vuraraq, rəhbərlik etdiyi təşkilatın beynəlxalq əlaqələrindən, BMT-nin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs etdi, BMT-nin “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv olunması” Konvensiyasına Prezidentimizin Fərmanı ilə respublikamızın da qoşulduğunu, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Prezident Fərmanının əhəmiyyətini vurğuladı. O, taleyinə qaçqınlıq, didərginlik yazılmış qadınlarımızı bayram münasibətilə xüsusi təbrik etdi.
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının, gənc ifaçıların iştirakı ilə böyük bayram konserti oldu, dövlətimizin başçısının qadınlara diqqət və qayğısından bəhs edən kinolentlər nümayiş etdirildi.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.
Foto Namiq Məmmədovundur