Respublikamızda ana və uşaq sağlamlığına dair göstəricilərdə müsbət dinamika əldə olunub
Quba, 30 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 30-da Quba Regional Perinatal Mərkəzində “Hamiləlikdə hipertensiv vəziyyətlər. Preeklampsiya” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XII Şimal Regional Konfransının keçirilməsi ağır patologiyalara diqqət yönəltmək, preeklampsiyalı hamilələrin vaxtında aşkarlanmasına və hospitalizasiyasına nail olmaq məqsədi daşıyıb.
Tədbirdə Perinatal Mərkəzin direktoru Şəhla Həsənova, mama-ginekoloq Vəfa Qurbanova çıxış edərək hamiləlik zamanı ən çox rast gəlinən patologiyalar və onların səbəbləri haqqında danışıblar.
Son illər kritik vəziyyətdə daxil olan preeklamosiyalı hamilələrin sayının xeyli azaldığı bildirilib. 2018-ci ildə Quba Regional Perinatal Mərkəzinə 400-ə yaxın orta və ağır dərəcəli preeklampsiya ilə hamilə daxil olub. Həkimlər qeyd ediblər ki, mamalıq praktikasının və hamiləliyin düzgün aparılmasının əsas amillərindən biri riskli hamiləliklərin və perenatal patologiyaların düzgün qiymətləndirilməsidir.
Məruzəçilər həyata keçirilən tədbirlər nəticəsində respublikamızda ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə olunduğunu deyib. Bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr reallaşdırılır. Bu layihələrin tətbiqi nəticəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, dərman preparatları və tibbi texnika ilə təminat yaxşılaşdırılır. Hazırda bölgələrdə 6 Regional Perinatal Mərkəz fəaliyyət göstərir.
Konfransda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının mama-ginekoloqları və reanimatoloqları iştirak edib.