CƏMİYYƏT
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Son günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, son 5 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 4-19 santimetr, Kiçik Qafqazın çaylarında 1-6 santimetr, Naxçıvan MR-nın Naxçıvançay çayında 27 santimetr artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-290, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 54 santimetr artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 460 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm iki dəfə az olmaqla 240 m3/s və ongünlük normanın 51 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 105 m3/s təşkil etmiş və ongünlük normanın 76 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 santimetr, Salyanda 9 santimetr, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Şirvanda 17 santimetr artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 santimetr, Şirvanda 212 santimetr, Salyanda 141 santimetr, Bankədə 193 santimetr, Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr təşkil edir.