Roma şəhərinin meri İqnatsio Marino: Azərbaycan İtaliya üçün strateji baxımdan önəmli ölkədir
Roma, 6 iyun (AZƏRTAC). Azərbaycan İtaliya üçün strateji baxımdan önəmli ölkədir.
Bu sözləri iyunun 6-da Roma şəhərinin meri İqnatsio Marino AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə iyunun 3-də keçirdiyi görüşü xatırladan mer demişdir: “Bu görüş bir mer kimi mənim və paytaxt Roma üçün çox vacib idi. Söhbət zamanı Azərbaycanın strateji mövqeyi, bu ölkənin Avropa üçün enerji baxımından önəmi kimi məsələləri müzakirə etdik”.
İqnatsio Marino bildirmişdir ki, romalılar üçün Azərbaycan ilə münasibətlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən ticarət sahəsində əlaqələrə böyük əhəmiyyət veririk. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmir olunması və digər tədbirlər bizim mədəni əlaqələrimizin inkişaf perspektivlərini müəyyən edir.
Roma şəhərinin meri demişdir: “Biz bilirik ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən İtaliyada, eləcə də bütün dünyada istər mədəni, istərsə də humanitar sahədə mühüm işlər görülür. Biz, eyni zamanda, Fondun Vatikanda həyata keçirdiyi tədbirləri də yüksək qiymətləndiririk. Mehriban Əliyevanın dəvəti ilə bu yaxınlarda ilk dəfə Azərbaycana səfər edəcəyəm. Ümid edirəm ki, biz gələcəkdə də Heydər Əliyev Fondu ilə yeni birgə mədəni layihələr həyata keçirəcəyik”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma