Romada Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təsis konfransı keçirilmişdir
Roma, 18 iyun (AZƏRTAC). Romanın aparıcı ali təhsil müəssisələrindən olan LUİSS Guido Carlo Universitetində ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təsis konfransı keçirilmişdir.
Konfransda İtaliyanın TG5 televiziya kanalının jurnalisti, moderator Luigi De Biase iştirakçılara Azərbaycan haqqında məlumat vermiş, ölkələrimiz arasındakı əlaqələrin tarixindən və hazırda mövcud olan dinamik əməkdaşlıqdan danışmışdır.
İtaliyada fəaliyyət göstərən ən böyük gənclər təşkilatlarından olan “Giovani nel Mondo”nun prezidenti xanım Daniela Konte çıxış edərək ötən il iyunun 25-dən iyulun 2-dək Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat vermişdir. Bildirmişdir ki, səfərdən qayıdandan sonra təşkilat üzvlərində Azərbaycan barədə xüsusi jurnalın hazırlanaraq İtaliya ictimaiyyətinə təqdim edilməsi təşəbbüsü yaranmışdır.
Sonra “Giovani ne Mondo” təşkilatının üzvləri tərəfindən hazırlanmış “Azerbaigian: Un paese di opportunità” (Azərbaycan: bir imkanlar ölkəsi) adlı xüsusi jurnalın təqdimatı keçirilmişdir.
Yeni təsis edilmiş Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti xanım Manuela Sessa çıxış edərək təşkilatın nizamnaməsi barədə məlumat vermiş və gələcək iş planlarından danışmışdır.
Azərbaycanda səfərdə olan bir sıra italiyalı gənclər və tələbələr tədbirdə çıxış edərək ölkəmizin müstəqilliyinin bərpasından sonra qısa müddətdə sürətli inkişafı, burada dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı barədə fikirlərini bölüşmüşlər.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmiz barədə hazırlanmış xüsusi jurnalın işıq üzü görməsi münasibətilə təşəbbüskarları təbrik etmiş, yeni təsis olunmuş təşkilatın kollektivinə uğurlar arzulamışdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma