Rumın müşahidəçi Azərbaycanda keçirilən parlament seçkiləri barədə açıqlama verib
Buxarest, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Məclisinə seçkilərdə müşahidəçi qismində iştirak edən Rumıniya parlamentinin deputatı xanım Liliana Çiobanu Rumıniyanın “AGERPRES” milli xəbər agentliyinə seçkilərin gedişi barədə açıqlama verib.
Bakı və Bakıətrafı qəsəbələrdə seçki prosesini izlədiklərini deyən L.Çiobanu bildirib ki, hər bir məntəqədə yüksək səviyyədə təşkilatçılığın şahidi olub. Müşahidəçi deputatlığa namizədlərin nümayəndələrinin seçki qanunvericiliyi çərçivəsində hərəkət etdiklərini, məntəqə üzvlərinin öz işlərini peşəkarlıqla gördüklərini, seçki prosedurunun normal qaydada həyata keçirildiyini, əlil və yaşlı insanlar üçün daşınan qutular təşkil olunduğunu diqqətə çatdırıb. O, seçkilərin azad, demokratik və şəffaf keçdiyini xüsusi vurğulayıb.
Rumıniya parlamentinin deputatı seçkilərin uğurla başa çatması münasibətilə Azərbaycan hökumətini, Mərkəzi Seçki Komissiyasını, bu kampaniyada əməyi olan hər kəsi təbrik edib. Milli Məclisdə təmsil olunacaq həmkarlarına Azərbaycan xalqının rifahı naminə fəaliyyətdə uğurlar arzulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest