Rumıniya mətbuatında Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar məlumatlar yayılmışdır
Buxarest, 21 yanvar (AZƏRTAC). Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin internet səhifəsində AZƏRTAC-a istinadən Azərbaycan Prezidenti İlham Əliyevin Ümumxalq Hüzn Günü - 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini yad etməsi barədə məlumat verilmişdir.
Məlumatda bildirilir ki, Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak etmişlər. Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin də şəhidlərin əziz xatirəsini yad etmək üçün xiyabanına gəldikləri göstərilmişdir.
Məlumatda, həmçinin 20 Yanvar faciəsinin təfərrüatları, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşi və qəddar terror aksiyası barədə məlumat verilmiş, öz Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləboran edildiyi diqqətə çatdırılmışdır. Faciə zamanı 147 nəfərin qətlə yetirildiyi və 700-dən artıq insanın yaralandığı, 20 Yanvar faciəsinin “Qara Yanvar” adını alması və “Dağüstü” parkın adını dəyişərək “Şəhidlər xiyabanı” adlandırılması də məqalədə xüsusi qeyd olunmuşdur.
Xəbər Rumıniya KİV-ləri vasitəsi ilə yayılmışdır.
İqbal Hacıyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest