Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin internet səhifəsində 20 Yanvar faciəsi barədə məlumat verilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Rumıniyanın nüfuzlu “Agerpres” milli xəbər agentliyinin internet səhifəsində AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin rumın dilində “20 Yanvar - Azərbaycan xalqının faciəsi” sərlövhəli məqaləsi yerləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdikləri vəhşi və qəddar terror aksiyası barədə ətraflı məlumat verilmiş, öz Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Faciə zamanı 147 nəfərin qətlə yetirildiyi və 700-dən artıq insanın yaralandığı qeyd edilmişdir.
Müəllif Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır. Ulu Öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbiçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi dəqiqliklə göstərilmişdir.
Həmçinin bildirilmişdir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu məqalədə xüsusi qeyd edilmişdir.