RUS BÖLMƏSİ ABİTURİYENTLƏRİ ÜÇÜN “AZƏRBAYCAN DİLİ” FƏNNİ ÜZRƏ İMTAHAN KEÇİRİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanuna uyğun olaraq, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində imtahan keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahanda 2 min 900-dən çox abituriyent iştirak etmişdir.
Bu il Azərbaycan dili fənni üzrə birinci imtahan mayın 3-də keçirilmişdi. Həmin imtahanda 9 min 954 abituriyent iştirak etmişdi. Onlardan 9 min 33 nəfəri imtahandan “məqbul”, 921 nəfəri isə “qeyri-məqbul” almışdı. Qəbul qaydalarına əsasən, həmin imtahanda “qeyri-məqbul” qiymət almış abituriyentlərə iyunun 20-də imtahanda təkrar iştirak etmək imkanı verilmişdir.
Azərbaycan dili fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılırlar.
İmtahanda abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilmişdir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 10-dan az olmamalıdır.
İmtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənmək olar.
Bu il mayın 3-də və iyunun 20-də keçirilmiş imtahanlarda “qeyri-məqbul” alan və yaxud hər iki imtahanda iştirak etməyən rus bölməsinin abituriyentləri Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qruplar üzrə qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.