RUSİYA AZƏRBAYCAN ƏRAZİSİNDƏN TƏHLÜKƏ OLMASI FİKRİNDƏ DEYİLDİR
A.Yakovenko Rusiya-Azərbaycan sərhədini keçmək üçün müəyyən məhdudiyyətlər qoyulması haqqında qərar qəbul edərkən Rusiyanın nəyi əsas götürdüyü, bu qərarın nə vaxtadək qüvvədə qalacağı və Azərbaycanla Rusiya arasında qarşılıqlı iqtisadi münasibətlərə nə kimi təsir göstərəcəyi barədə AZƏRTAC müxbirinin sualına cavab verərək bildirmişdir ki, sərhəddə müəyyən məhdudiyyətlərin tətbiqi haqqında qərar Azərbaycan tərəfi ilə birlikdə qəbul olunmuşdur.
RF XİN-in rəsmi nümayəndəsi demişdir: “Bu, Azərbaycan vətəndaşlarının Rusiyaya gediş-gəlişini məhdudlaşdırmaqla bağlı deyildir. Bu, onunla bağlıdır ki, hər iki tərəf digər regionlardan olan şəxslərin Azərbaycan ərazisindən sərhədi keçməsinə nəzarəti gücləndirmək istəyir. Rusiya sərhədinin bütün parametri üzrə sərhədə nəzarəti gücləndirmək bizim üçün çox vacibdir. Əslinə qalsa, Rusiya tərəfinin elan etdiyi həmin məhdudiyyətlər də elə bununla bağlıdır”. O, həmçinin vurğulamışdır ki, bu, şübhəsiz, iqtisadi münasibətlərimizin, siyasi əlaqələrimizin, insanlar arasında ünsiyyətin inkişafına qarşı yönəldilməyibdir. Onun sözlərinə görə, indi vəzifə bu regionu yeni terror aktlarından maksimum təhlükəsizləşdirməkdir.
A.Yakovenko demişdir: “Məhz bu məqsədlə hazırda biz, Gürcüstandan savayı, qalan bütün MDB ölkələri ilə məsləhətləşmələr aparırıq. Çünki bütün dövlətlərlə sərhədlərimiz açıqdır, vizasız rejim tətbiq edilir. Lakin Prezident Vladimir Putin hüquq mühafizə orqanlarımız qarşısında nəzarəti gücləndirmək vəzifəsi qoymuşdur. Qəbul edilmiş qərardan da məqsəd məhz budur”.
Diplomat sərhədin açılması müddətindən danışaraq, ümidvar olduğunu bildirmişdir ki, bu, sərhəd avadanlıqla daha yaxşı təchiz edilən kimi, əlavə texnika qoyulan kimi baş verəcəkdir. Məqsəd terror təhlükəsini maksimum azaltmaqdır.