RUSİYA DƏRMANLARININ 10-15 FAİZİ SAXTADIR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin İctimai asayişi mühafizə departamentinin şöbə rəisi Gennadi Sarapkin etiraf etmişdir ki, ölkədə satılan dərmanların altıdabir hissəsi saxtadır. O demişdir: Saxta məhsulun illik satış həcmi 200-300 milyon dollardır, yaxud leqal dərman dövriyyəsinin 10-15 faizini təşkil edir.
Səhiyyə və Sosial İnkişaf Sahəsinə Nəzarət üzrə Federal Agentlik hələ fevralda etiraf etmişdi ki, onun mütəxəssisləri saxta dərman preparatlarının yalnız 0,7 faizini üzə çıxara bilirlər. Daxili işlər orqanları hər il azı 4-5 milyon rublluq saxta və keyfiyyətsiz dərman preparatlarını dövriyyədən çıxarır.
Rusiya bazarında saxta dərmanların artmasının səbəbi asan izah olunur: bu biznes əvvəlkitək yüksəkgəlirlidir, saxtalaşdırma faktı sübuta yetirildiyi təqdirdə verilən cəza isə rəmzidir.
Heç bir alıcı aptekdən əsl, yaxud saxta dərman aldığını müstəqil ayırd edə bilmir. Saxtanı əslindən rənginə, formasına və qoxusuna görə ayırmaq mümkün deyildir, müasir texnologiyaların köməyi ilə saxta dərmanı keyfiyyətlə qablaşdırmaq isə çox asandır.
Dünyada saxta dərman satışının illik dövriyyəsi 15-20 milyard dollar civarındadır. Yeganə mübarizə üsulu cəzanı sərtləşdirməkdir. Avropa ölkələrinin təcrübəsindən istifsadə etmək olar. Məsələn, Fransada saxta dərmanların istehsalı və idxalı 4 illik həbs cəzasını və ya 400 min avro məbləğində cərimə ödənilməsini, qanunsuz satış şəbəkəsinin təşkili isə 5 il müddətinə həbs cəzasını nəzərdə tutur. Maralıdır ki, bu halda təkcə alıcı deyil, ilk növbədə dərman istehsalçıları və aptek müdirləri ziyan çəkirlər. Çünki saxta dərman istehsalı texnologiyaları o qədər təkmilləşmişdir ki, bəzən hətta mütəxəssislər də saxtanı orijınaldan ayırmağı bacarmır. Günahsız insanların ziyan çəkməmələri üçün ilk növbədə satan deyil, istehsal edən cəzalandırılmalıdır.