RUSİYA İLƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCAN ENERGETİKASININ ÖNCÜL İSTİQAMƏTİDİR
“Azərenerji” SC üçün öncül istiqamətlərdən biri də Rusiya ilə əməkdaşlıqdır. Bu ölkə ilə həyata keçirilən enerji mübadiləsi hər iki tərəf üçün faydalıdır və böyük perspektivlərə malikdir. “Rusiyanın Vahid Elektrik Sistemləri” Səhmdar Cəmiyyətinin də Azərbaycanla əməkdaşlıqda marağı vardır. Cəmiyyətin idarə heyətinin sədri Anatoli Çubays demişdir: “Hələlik bizi cari ticarət əlaqələri, daha doğrusu, Azərbaycana elektrik enerjisi ixracı bağlayır və bu, heç də pis inkişaf etmir. Lakin irəliləmək lazımdır və bizim bununla bağlı müəyyən fikirlərimiz var”.
A.Çubaysın sözlərinə görə, onun rəhbərlik etdiyi şirkətin əsas məqsədi MDB ərazisində vahid energetika məkanını bərpa etməkdir. İndiyədək bir sıra Birlik ölkələri, o cümlədən Azərbaycan bu prosesə cəlb olunmuşlar. Hazırda Azərbaycan və Rusiyanın enerji sistemlərini 330 kilovoltluq Yaşma-Dərbənd elektrik xətti birləşdirir. İdarələrarası müqavilələrə görə, bu xətt vasitəsilə enerji mübadiləsi planlı qaydada həyata keçirilir.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki qonşu dövlətin energetika idarələrinin mütəxəssisləri tərəfindən analoji paralel elektrik xəttinin çəkilişi layihəsi işlənib hazırlanır. İndi ekspertlər səviyyəsində gələcək xəttin texniki paramertlərinin müzakirəsi gedir. Həmin xəttin istismara verilməsi enerji mübadiləsinin həcmini xeyli artırmağa imkan yaradacaqdır.