Rusiya informasiya-mədəniyyət mərkəzində Suğra Bağırzadənin sərgisinin açılışı olmuşdur
Bakı, 20 oktyabr (AZƏRTAC). Rusiya informasiya-mədəniyyət mərkəzində tanınmış rəssam-florist, Azərbaycanın Əməkdar Artisti, respublika Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının, MDB və Baltik ölkələri Konfederasiyasının üzvü Suğra Bağırzadənin əsərlərindən ibarət sərginin açılışı olmuşdur. Sərgi Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunmuşdur.
İxtisasca kimyaçı-mühəndis olan S.Bağırzadə uşaqlıqda “Cücələrim” ansamblının solisti olmuş, sonra isə kinoya çəkilmişdir.
Hobbi kimi başlamış güllərə olan həvəs tədricən onu daha bir peşəyə gətirib çıxarmışdır. Təzə güllərdən hazırlanan orijinal kompozisiyalar rəssam-floristə şöhrət qazandırmışdır.
Çiçəklərə olan həvəs onun həyatının mənasına çevrilmişdir. Kimyaçı təhsili əbədi olmayan çiçəklərin ömrünü uzatmağa, onları əbədiləşdirməyə kömək göstərmişdir. Sənətkarın təzə güllərdən və müxtəlif kimyəvi komponentlərdən yaratdığı ilk əsəri 15 ildən sonra indi də yaradıldığı gündə olduğu kimi təravətli qalmışdır.
Müxtəlif beynəlxalq sərgilərdə, tədbirlərdə o, Azərbaycanı layiqincə təmsil edir. 2004-cü ilin avqustunda Ümumdünya Floristlər Şurasının Riqada keçirilmiş XXI sammitində S.Bağırzadə floristika sənayesində yeni peşə istiqamətinə görə sertifikat almışdır.
Suğra xanım bu janrda canlı güllərdən istifadə edən yeganə florist-dizaynerdir. O, gül aranjemançılarının Peterqofun 300 illiyinə həsr olunmuş beynəlxalq sərgisində iştirak etmişdir. Burada onun işləri “Dost Peterqofa hədiyyə” adı altında nümayiş etdirilmişdir. Suğra Bağırzadə bu sərginin mükafatını almış 4 iştirakçıdan biri olmuşdur.
Sərgidə onun 20 işi nümayiş etdirilir.