RUSİYA PREZİDENTİNİN TÜRKİYƏYƏ İLK RƏSMİ SƏFƏRİ TƏXİRƏ SALINMIŞDIR
Mətbuat xidmətinin məlumatında deyilir ki, sentyabrın 2-də Vladimir Putinin Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə telefon söhbəti olmuşdur. Türkiyə Prezidenti söhbət zamanı V.Putinin səfəri təxirə salmaq barədə qərarını tamamilə anladığını söyləyərək, Şimali Osetiyada yaranmış faciəli vəziyyətlə bağlı Rusiya Prezidentinə və Rusiyanın bütün xalqlarına səmimi başsağlığı vermiş, dərdlərinə şərik olduğunu bildirmişdir. Türkiyə Prezidenti demişdir ki, terrorizmin bütün formalarına qarşı çıxan Türkiyə bu vəhşiliyi qəti şəkildə pisləyir və münaqişənin dinc yolla həll olunacağına ümid bəsləyir.
Elə həmin gün Prezident V.Putin ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olmuşdur. Baş nazir həm öz adından, həm də türk xalqı adından Rusiya Prezidentini və bütün rus xalqını dəstəklədiyini və onlarla həmrəy olduğunu nəzərə çarpdırmışdır.
Rusiya rəhbərliyinə dünyanın hər yerindən dəstək və həmrəylik sözləri ifadə olunan bəyanatlar və telefon zəngləri gəlir. Bütün dünya son 10 gündə Rusiyada törədilmiş terror aktlarını pisləyir.
Hadisə ilə bağlı Moskva hökuməti Şəhər günü ilə əlaqədar bütün rəsmi və əyləncəli tədbirləri təxirə salmışdır. Meriyanın rəsmi bəyanatında deyilir ki, “Moskva hökuməti kədərlə bildirir ki, son 10 gündə Rusiyada və onun paytaxtında törədilmiş terror aktları nəticəsində onlarca dinc insan həlak olmuşdur. Terrorçuların Şimali Osetiyada məktəbliləri vəhşicəsinə girov götürməsi hər bir moskvalının qəlbində dərin iztirab doğurmuşdur. Paytaxtın hakimiyyət orqanları bu şəraitdə Şəhər günü ilə bağlı rəsmi və əyləncəli tədbirləri təxirə salmağı qərara almışlar”.
Son terror aktları ilə əlaqədar paytaxtın hakimiyyət və hüquq mühafizə orqanları misilsiz təhlükəsizlik tədbirləri həyata keçirirlər.