Rusiya və Hindistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində servislərin inkişafı barədə razılığa gəliblər
Moskva, 2 fevral, AZƏRTAC
“RJD Logistika” səhmdar cəmiyyəti və Hindistanda dəmiryol konteyner daşımaları üzrə ən iri operator olan CONCOR “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində servislərin inkişafı barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, “RJD Logistika” səhmdar cəmiyyəti və CONCOR (Container Corporation of India Ltd.) arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, beynəlxalq nəqliyyat dəhlizlərindən, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə edilməklə Rusiya və Hindistanın birgə logistika layihələrinin inkişaf etdirilməsi imkanlarının öyrənilməsi nəzərdə tutulur.
“RJD Loqistika” tərəfindən memorandumu baş direktor Vyaçeslav Valentik, CONCOR korporasiyası tərəfindən - direktorlar şurasının sədri və şirkətin idarəçi direktoru Kalyana Rama imzalayıb. Əldə edilmiş razılaşmağa görə, tərəflər Rusiya-Hindistan logistika əməkdaşlığının genişləndirilməsi üzrə birgə işi təşkil etmək, ölkələr arasında konteyner daşımaları sahəsində perspektivli layihələri inkişaf etdirmək, habelə, o cümlədən nəqliyyat operatoru “RJD Loqistika” olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi marşrutunun səmərəsinin daha da artırılmasına yönəlmiş keyfiyyətli logistik servislər hazırlamaq niyyətindədirlər.
Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların artırılması və müvafiq monitorinq sisteminin inkişaf etdirilməsi üçün işçi qrup yaradılması barədə razılığa gəliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva