RUSİYA VƏ QAZAXISTAN DÖVLƏT SƏRHƏDİ HAQQINDA MÜQAVİLƏ İMZALAMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 18-də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında ikitərəfli danışıqlar aparılmışdır. Prezidentlər danışıqların yekunlarına dair “Rusiya Federasiyası və Qazaxıstan Respublikası arasında dövlət sərhədi haqqında müqavilə” imzalamışlar. Sənədə əsasən, tərəflər sərhədin müqaviləyə uyğun müəyyən edilməsi üçün birgə demarkasiya komissiyası yaradacaq, demarkasiya sənədləri layihələrini hazırlayacaqlar. Sənəddə qeyd olunur ki, faydalı qazıntı yataqlarının işlənilməsi, dövlət sərhədində yerləşən mühəndis qurğuları, kommunikasiyalar və digər infrastruktur obyektləri ilə bağlı məsələlər tərəflər arasında ayrıca müqavilələrlə tənzimlənir.
Qeyd edək ki, Rusiya-Qazaxıstan danışıqlarının başlıca yekunu Həştərxan və Atırau vilayətləri arasındakı sərhəddə yerləşən İmaşev qaz-kondensat yatağının aqibəti haqqında razılaşma olmuşdur. Rusiya Prezidenti bildirmişdir ki, yatağın bərabər bölünməsində hər iki tərəfi razı salan qərar qəbul etmək mümkün olmuş və iki ölkənin hökumətlərinə birgə iş prinsiplərini, o cümlədən hüquq, vergi və gömrük rejimlərinin müəyyən edən hökumətlərarası saziş hazırlamağı tapşırılmışdır. Rusiya və Qazaxıstan prezidentləri dövlət sərhədi haqqında müqavilənin imzalanmasını yüksək qiymətləndirmiş və ölkələrinin tarixində əhəmiyyətli hadisə adlandırmışlar.
Yüksək səviyyəli Rusiya-Qazaxıstan məsləhətləşmələrinin yekunlarına dair iki ölkə hökumətləri arasında Qazaxıstanın “Qazsat” rabitə və ötürmə peykinin yaradılması haqqında saziş, habelə ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı istifadə olunan və əldə edilən intellektual fəaliyyətin nəticələrindən istifadə hüquqlarının qarşılıqlı mühafizəsi haqqında saziş imzalanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva